25 dekabrda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin nəticəsinə əsasən, "Xocalının səsi" qəzetinin redaktoru Quliyev Qalib Bəyməmməd oğlu Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması istiqamətində "Xocalıların sosial qayğılarını dövlətimiz və Prezidentimiz daim diqqətdə saxlayır" adlı yazısı ekspertlər tərəfindən III yerə layiq görülmüş və mükafatlandırılmışdır.
Bu uğur rayonumuzun və "Xocalının səsi" qəzetinin də uğuru sayılır. Qeyd edək ki, 2015-ci ilin noyabr ayından rayonumuzun qəzetinə redaktor təyin edilən Qalib Bəyməmmədoğlu qəzetin səhifələrinin sayını 8 səhifəyə çatdırmış, qəzetin çap keyfiyyətini artırmağa müvəffəq olmuş və qəzetin internet ünvanı olan xocalininsesi.info saytını hazırlamışdır. Rayon tədbirlərini və qəzetdə gedən yazıları vaxtlı-vaxtında sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə çatdırır.
Qalib müəllimi ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, o, bundan sonra da rayon mətbuatının inkişafına böyük töhfələr verəcək.